top of page

Bloq

Search
  • Writer's pictureTesla Translation

TƏRCÜMƏÇİNİN VƏZİFƏLƏRİ

Tərcümə anlayışı çox geniş fəaliyyət sahəsini əhatə edir. Bir dildən başqa dilə şer, nəsr, publisistik əsərlər, məqalələr, elmin müxtəlif sahələrinə aid əsərlər, kargüzarlıq sənədləri, natiqlərin çıxışları, qəzet materialları, kinofilmlər və sairənin tərcüməsi.


«Tərcümə» sözünün iki terminoloji mənası vardır:

1) Bir dildən başqa dilə tərcümə prosesi,

2) Bu prosesin nəticəsi, daha doğrusu hazır tərcümə. Bu iki məna bir-biri ilə qarşılıqlı münasibətdə və əlaqədədirlər, belə ki, birinci həmişə ikincini şərtləndirir, yəni, əgər proses gedirsə nəticə də olmalıdır. Bununla belə tərcümə istilahı ilə ifadə edilən bu mənaları həm də fərqləndirmək lazımdır. Çünki bunlar bir-birinə bağlı olduğu kimi, həm də müəyyən cəhətlərə görə fərqlənirlər. Tərcümənin insan şüurunda baş verən bir proses kimi öyrənilməsi, məsələyə mahiyyətcə psixoloji cəhətdən yanaşmağı tələb edir ki, bu da tərcüməçinin əməli işindən irəli gələn mülahizələrin əks etdirilməsini tələb edir. Məlumdur ki, hər bir dövlətin beynəlxalq fəaliyyəti sahəsində tərcümə işi və tərcüməçilər böyük əhəmiyyət kəsb edir. İstər ölkə daxilində, istərsə də onun xaricində tərcüməçilər müxtəlif dillərdə danışan tərəflər arasında «əlaqələndirici», «vasitəçi», «anlaşma vasitəsi» rolunu oynayırlar. Ona görə də bu vasitə olmadan həmin əlaqələrin və anlaşmaların müvəffəqiyyətinə inanmaq çətindir. Məhz bununla əlaqədar olaraq tərcüməçilərin üzərinə böyük məsuliyyət düşür. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün tərcüməçilər daima öz ixtisaslarını və biliklərini artırmaq sahəsində çalışmalıdırlar. Aydındır ki, hər hansı bir beynəlxalq simpoziumun, konfransın müvəffəqiyyəti müəyyən dərəcədə tərcüməçinin işinin keyfiyyətindən, onun dünyagörüşündən və siyasi hazırlığından asılıdır. Təsadüfi deyildir ki. Tərcümə məsələləri ilə məşğul olan alim və ədiblər tərcüməçinin şəxsiyyətinə bilik və bacarığına böyük əhəmiyyət vermişlər. Bəzi alimlər qeyd edirlər ki, xüsusilə bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olanlar tərcümə prosesində labüd olaraq öz şəxsi keyfiyyətlərini əks etdirirlər. Burada tərcümənin müəyyən mədəni ənənələrlə bağlılığı onun özünün yaradıcılıq və estetik görüşləri, öz dövrünü bilməsi, qarşısına qoyduğu məqsəd və s. daxildir. Bədii əsərlərin tərcüməsi o zaman müvəffəqiyyətli ola bilər ki, tərcüməçinin keyfiyyətləri ilə müəllifin keyfiyyətləri əksərən üst-üstə düşsün. Əks təqdirdə tərcümə orijinalın ruhunu tam əks etdirə bilməz. Xarici dil, yaxud dillər bilən, onlardan müxtəlif dillərdə danışan tərəflər arasında yazılı və ya şifahi anlaşmada istifadə edən şəxsə tərcüməçi deyilir. Həmin şəxslər xalqların bir-birinin tarixi, mədəniyyəti, həyatı və məişəti ilə tanış olmaq işində də aktiv iştirak edirlər. Deməli tərcüməçilər xalqların bir-birinə yaxınlaşması, onlar arasında müxtəlif əlaqələrin yaranması və ümumiyyətlə cəmiyyətin mədəni inkişafı sahəsində mühüm rol oynayırlar. Tərcüməçilərlə onların xidmət etdikləri ixtisas sahibləri arasındakı qarşılıqlı münasibət məsələlərinə gəlincə burada ilk növbədə bir-birindən fərqli iki tərəfi nəzərdə tutmaq lazımdır. Birinci tərəf kimi çıxış edən tərcüməçi isə ixtisasca mütəxəssis deyildir. Lakin bu iki tərəf bir-biri ilə işləməli və ikitərəfli əlaqələr yaratmalıdırlar. Buradan aydın olur ki, bu üçbucağın bucaqlarından birini təşkil edən tərcüməçi təkcə öz ixtisasını bilməlidir, heç olmasa onunla yaxından tanış olmalıdır. Öz fəaliyyəti boyu tərcüməçi bir neçə ixtisasla tanış olmaq məcburiyyətində qalır. Tərcüməçi sənətinin çətinliklərindən biri də budur. Hər hansı bir tərcümə prosesinin müvəffəqiyyətli olması üçün tərcüməçinin istifadə etdiyi dilləri yaxşı bilməsi ilə yanaşı tərcümə prosesində istifadə edəcəyi istilahları və sintaktik konstruksiyaları da yaxşı bilməlidir. Bundan əlavə tərcüməçi bir sıra zəruri keyfiyyətlərə malik olmlıdır. Bunlardan ən əsası fikri aydın şəkildə çatdıra bilmək bacarığıdır. Əks təqdirdə tərəflər arasında lazımınca anlaşma olmaya bilər. Bu da nəticə etibarilə əlaqələrin pozulmasına gətirib çıxara bilər. Digər tərəfdən tərcüməçi danışığın mövzusuna müdaxilə etməməlidir. Çünki o, həmin sahənin mütəxəssisi olmadığı üçün danışıq mövzusuna müdaxilə etdikdə onu başqa istiqamətə yönəldə bilər. O, tərcümə zamanı deyilənlərə əlavə və əksiltmələr etməməlidir, tərcüməyə gedərkən o, zəruri hazırlıq işləri görməlidir. Tərcüməyə gedərkən o, özü ilə kağız, yaxud bloknot və qələm götürməlidir. Tərcüməçi yeri gəldikcə lazımi qeydlər aparır. Bu, xüsusilə ardıcıl tərcümə zamanı, xüsusi adları, tarixi faktları və rəqəmləri yadda saxlamq üçün buna böyük ehtiyac duyulur. Tərcüməçilik peşəsinin digər xüsusiyyətləri özünü onda göstərir ki, onlar daim öz üzərlərində işləməli, öz ixtisas və siyasi biliklərini artırmalıdırlar. Onlar müntəzəm olaraq dövri mətbuatı izləməli, mütəxəssisi olduğu ölkələrin həyatında baş verən hadisələri izləməli və onlardan xəbərdar olmalıdır. Tərcüməçinin vəzifələrindən biri də həmişə öz işinə məsuliyyətlə yanaşmasıdır. Tərcümə sənəti yaradıcılıq sahəsi olduğu üçün ona yaradıcı münasibət bəsləmək lazımdır. İşə laqeyd və məsuliyyətsizlik tərəflər arasında əlaqələrin pozulması deməkdir. Tərcüməçinin daima riayət etməli tələblərdən biri də onların öz səlahiyyətləri çərçivəsindən kənara çıxmasıdır. Tərcüməçi etik normaları gözləməli, öz geyiminə, səliqə-səhmanına fikir verməlidir. Tərcüməçi aydın danışmalı, cümlələri tam, səlis, məntiqi şəkildə qurmalıdır. Elə hallar olur ki, işlədiyi ölkənin dilində az miqdarda söz bilən mütəxəssis tez-tez tərcüməçinin sözünü kəsir, danışığa müdaxilə edir, beləliklə də onun işinə mane olur. yaxud digər bir mütəxəssis iş norması, tərcüməçinin yorulması və başqa faktlara baxmayaraq, onu haqqında tərcümə prosesi gedən məsələ ilə bağlı olmayan işlərlə məşğul olmağa sövq edir. Nəticədə bu, tərcüməçinin iş qabiliyyətinin azalmasına və zehni yorğunluğuna səbəb olur. Nəhayət, tərcüməçilik işi barədə ümumiyyətlə normativ sənədlərin, yaxud hüquqi qayda-qanunların olmaması bu sahədə intizamsızlığın olmasına şərait yaratmış olur.

435 views0 comments

Recent Posts

See All

Kitabların tərcüməsi

Kitabların tərcüməsi, kitabın bir dilən digər dilə tərcümə edilməsidir. Kitab tərcüməsi, əsasən, bir əsərin daha geniş bir oxucu kütləsinə çatdırılmasına kömək edir. Bu proses, müxtəlif dillərdə yazıl

Saytların tərcüməsi

Saytların tərcüməsi, saytın bir dilən digər dilə tərcümə edilməsidir. Bu, saytın məzmununun, elementlərinin və funksiyalarının bir dilən başqa dilə tərcümə edilməsini əhatə edir. Bu proses saytın digə

bottom of page